Cənubi Zaqafqaziyada üst devon çöküntüləri Naxçıvan MR ərazisinin qərb hissəsində (Şərur və Sədərək rayonları) və Ermənistan Respublikasının bura yanaşı olan rayonların ərazilərində də yayılmışlar. Burada üst devon iki mərtəbə – fran və famen mərtəbələri ilə təmsil olunur. Fran mərtəbəsi tərkibində 2 braxiopoda zonası və aşağıdakı 3 laydəstəsi ayrılır: çraxanı, bağarsıx və yaycı laydəstələri. Famen mərtəbəsi, hər biri 1 braxiopoda zonası həcmində ayrılmış, 6 laydəstəsi ilə təmsil olunur: noravanq, ertiç, qədirli, şamamidzor, hortun və arşakiaxbyur laydəstələri – üçbölgülü mərtəbənin hər yarımmərtəbəsində 2 laydəstəsi yerləşir.
Naxçıvan MR-in Şərur və Sədərək rayonları ərazilərində və Ermənistanın qonşu rayonlarında yayılmış üst devon çöküntülərinin uyğun yatımlı və ardıcıl kəsilişləri üzrə ayrılmış, yuxarıda göstərilən stratiqrafik bölgülərin, əsasən laydəstələrinin hər biri Qərbi Avropanın stratotipik kəsilişlərindəki və Avrasiyanın digər regionlarında mövcud olan uyğun stratiqrafik bölgüləri ilə korrelyasiya edilmişdir. Korrelyasiya sxemi məqaləyə əlavə edilir.